Alternatifim Cafe

Tahir Talibli

Discussion started on Sizden Gelenler

Uğurların sonu olmur

 Onda tələbəydik. Mən V.İ.Lenin adına APİ-nin filologiya fakültəsində təhsil alırdım. Tələbə şair dostumuzun bir şeirində deyildiyi kimi:
 “Məhəbbətdən, bir də imtahandan başqa dərdsiz-sərsiz kəslər idik...” Bu sözlər tələbə həqiqətlərimizi tam ifadə eləyirdi. Bir sözlə elm, bilik təşnəsi idik. Quş kimi dimdik-dimdik yığdığımız-yığışdırdığımız yavaş-yavaş bizləri varrandırırdı, barrandırırdı, içimiz bir xəzinəyə çevrilirdi.
 Nə gizlədim. Gizli-aşkar sevgilərimizə gözlərimiz bir xəbərçilik, poçtalyonluq da eləyirdi. Beləcə sirrərimiz faş olurdu, gizlində heç nə qalmırdı. İntizarımızın, həsrətimizin sonu görünməsə də gözümüz, könlümüz sevgilərimizdən dolurdu, boşalırdı. Ama dünyanı sevgi yaşında tərk eləmiş, gənc, həm də böyük rus şairi Yeseninin bu misraları da dərdlərimizə biçili kimi gəlirdi: “Hamımız sevirdik bizim o zaman, bizim özümüzü az sevirdilər”. İçimizin, çölümüzün havası olan belə sözləri, misraları quş kimi dənləyib sanalaya-sanalaya içimizin könül dəftərinə yazırdıq. Əbədi qalsın deyə çoxumuzun xatirə dəftərlərində nə yox idi ki?
 Könlümüzün iç dəftərinə yazılan belə iç sözlərdən biri də bizlərdən bir nəsil qabaq tələbəlik səfasını yaşayan, cəfasını çəkən rəhmətlik İsa İsmayılzadənin də belə bir misrasıydı: “Deyimmi kim- kimi sevirdi onda”.
 Onda tələbə idik.
 Bir gün auditoriyada mühazirə zamanı bir qəzetin gizlincə əl-əl
 gəzdiyini gördüm. Gizlincə oxuyub ötürülürdü. Bu o zamankı S.M.Kirov adına ADU-nun “Lenin tərbiyəsi uğrunda” tələbə qəzeti idi. Mühazirə deyən müəllimnən gizlin və maraqla oxunan, əl-əl gəzən isə Universitetin jurnalistika fakültəsinin tələbəsi Möhbəddin Səmədin qəzetdə çap olunmuş şeiri idi. Şeir bütün auditoriyanı kirmişcə ələ almışdı. Növbə mənə də çatdı, şeiri mən də oxudum. Diqqətim xeyli vaxt imzanın üstə bitili qaldı. Möhbəddin Səməd...
 Əslində, həmin saatda biz tələbələrə mühazirəni o müəllim deyil, Möhbəddin Səmədin şeiri oxudu. Bu mənim Möhbəddin Səməd adlı şairlə ilk tanışlığımiydı. Bu tanışlığa səbəb isə tələbə şairin könlümün dəftərinə əbədi yazılan, indiyəcən yadımda bu şəkildə qalan bu üç misrası oldu:
 “Barı o zəng çalan bunu qanaydı,
 Ən ağır, ən çətin dərslərimiz də
 Səninlə birlikdə kaş uzanaydı.”
 Yəqin ki, hörmətli oxucu şeirdəki bütöv ovqatı bu üç misradan tam anladı. Belə anlarda tələbə könlündən keçənlər yəqin ki, belədi, mühazirə sona çatmaya, vaxt uzana, ədəbi dona.
 Təbii ki, dünya özü də sonsuz deyil. Vaxt özü də Antik filosof demiş, “Hər şey dəyişir, hər şey axır”. Tək böyük sevgilər vaxtı dondurur, ədəbiyyata çevirir.
 Əslində bu söylədiklərimi xatırlamaqda , yazıya gətirməkdə məqsədim indi yaşı yetmişə çatan, çox hörmətli qələm dostum, Azərbaycan jurnalistikasının alpinisti Azərbaycan nəsrinə, publisistikasına elmi yön verən Möhbəddin Səmədi təbrik eləməkdi. Mən onu dostlarımızın, o cümlədən bütün Azərbaycan Radiosunun əməkdaşları adından təbrik eləyirəm. Ona uzun ömür, can sağlığı arzulayıram. Nasazlığı varsa, keçmiş olsun, deyirəm.
 Təbii ki, hörmətli oxucular, radio dinləyiciləri, o taylı bu taylı soydaşlarımız Möhbəddin Səmədi çox yaxşı tanıyır, yaradıcılığının qədrini, qiymətini bilir. Tək onu demək kifayətdi ki, Möhbəddin Səmədin publisistikası, jurnalıstik və yazıçılıq fəaliyyəti fərdi xüsusiyyətləri, elmi sanbalı, potensial ədəbi yükü ilə fərdiləşdi, bütövləşdi.
 O sevilən bir şair kimi də ədəbiyyatda qala bilərdi. Möhbəddin Səmədin ilk qələm təcrübələri, tələbəlik dövrü yaradıcılığı bunu deməyə tam əsas verir. O illərdə ədəbiyyatımızda, şerimizdə yeni təbəddülatlar özünü göstərirdi. Yeni nəsil və yeni yaranan ədəbiyyat “proletar işinin vintciyi” olmaq vəzifəsinnən imtina eləyirdi, yüzilliklər boyu ayrı düşdüyü kökə canatma üstəydi. Məhz belə bir dönüşdə şeirimizdə Məmməd Araz, Əli Kərim damarı min illər boyu xalqın ürəyinə qan ötürən əsas qan damarıyla birləşdi. Məthiyyəçilikdən, tutuqusuluqdan kənar, gərçək bir ədəbi yol açıldı. Və bu yolun yolçuları, davamçıları haqq yolunu tutdular. Minilliklər boyu içimizin, çölümüzün yol gələn sufi gələnəkli, fəlsəfi qatlı şeirimizə bir calaq kimi calandılar. Nəsrimizdə də, publisistikamızda da, jurnalistikamızda da bu yol genişliyi ilə açıldı. Möhbəddin Səməd bir potensial yaradıcı kimi məhz bu yolla gəlməyə bilməzdi. Seçimini elədi və bu yolun ən layiqli yolçusu oldu. Dədələrin gözəl bir sözü var: “yol kimindi gedənin”.
 Bu yolda ona bələdçilik eləyən, ağır zəhmətlər hesabına aldığı təhsil, yetimliyin, kasıblığın acığına ələk-vətək elədiyi kitablar, bir də
 hələ çoxluq olan axına qarşı getmək əzmi oldu.
 Mən təbii ki, bu yazıda Möhbəddin Səmədin yaradıcılıq xüsusiyyətlərini açmağı, heç olmasa gördüyü işləri sadalamağı, yazdığı kitabları təhlil etməyi lazım bilmədim. Əslində, bu işin öhdəsindən fundamental tədqiqat aparmaqla, ortaya elmi əsər qoymaqla gəlmək olardı. Bu işin altına girməksə, təbii ki, ağır yükdü. Mən sadəcə olaraq dostun yubiley yaşındakı təbriklərinə qoşuluram.
 Möhbəddin Səmədin bir yazıçı-publisist kimi əməyi təqdirəlayiqdi və çox böyükdü. Heç onun nəşr elətdiyi kitabları, yazdığı ssenariləri, elədiyi filmləri də sadalamağı ehtiyac bilmirəm. Ama onun yazılarının çap olunduğu ölkələdən bir neçəsinin adlarını çəkmək istəyirəm. Bu siyahı təqribən belədi: ABŞ, Fransa, Almaniya, Yaponiya, Kanada, Meksika, Argentina, Lüksemburq, Türkiyə ...
 İnsan amilinin önə çəkilməsi, insan resursuna verilən dəyər onun yazılarının qan daşıyan damarıdı, - desək heç bir mübaliğə işlətmərik.
 Möhbəddin Səməd Azərbaycan publisistikasında elmi publisistika deyilən bir janrı oturuşdurdu. İndi dünyada qeyri-səlis məntiq elmi kimi formalaşan, bu sahənin ilk qaranquşlarınnan sayılan həmyerlimiz Lütfi Zadəni bizlərə məhz Möhbəddin Səməd tanıtdı. Biz onun yazdığı “Dünya dahilərsiz yaşaya bilmir” adlı monoqrafiyası ilə Lütfi Zadənin elmi kəşflərinin dünya çapındakı dəyərini anladıq, onu müasir dünyanın yeni texnoloji sistemindəki yerini gördük.
 Lütfi Zadənin həyatını, fəaliyyətini, yaradıcılığını dolğunluqla sərgiləyən AzTV-nin istehsalı olan ilk filmin də müəllifi Möhbəddin Səməddi. Elmi tədqiqatlar, haqqındakı axtarışlar, ağır zəhmət hesabına ərsəyə gələn film onun Azərbaycana qonaq gəlməsinə səbəb oldu. Daha iki böyük həmyerlimiz dünyada qaz lazeri kəşfində adı olan Əli Cavanın, sümük qaynağı üzrə mütəxəssis alim Elyaz Babayevin də Azərbaycanda tanıdılması məhz Möhbəddin Səmədin yazıları sayəsində mümkün olub. Onun elmi publisistikası da sanballı elmi əsər mövzusudu. Özünün bu barədə dedikləri belə səslənir:
 - Elmi publisistikanın inkişafı həmişə çətin olub, -deyir. Çünki
 qələm sahiblərindən dərin elmi-bilik yüksək intellektual və sosioloji araşdırmalar tələb eləyir. Elə elmi-publisistik əsərlər, kitablar var ki, bədii ədəbiyyatdan da maraqla oxunur. Buna səbəb budu ki, burda hər şey - faktla elmilik, sözlə reallıq və emosionallıq bir-biriylə qaynayıb qarışmalıdı.
 Bu maraq doğuran fikirlər əslində elm-publisistika haqqında düstur kimi səslənir. Bu düstur isə dərin axtarışlar və zəhmət nəticəsində açıla bilər.
 Möhbəddin müəllimin bu fikirlərini də oxucuların diqqətinə çatdırmaq istəyirəm.
 “Elmi-sosioloji publisistika cəmiyyətdə bir növ mina axtaran cihazı xatırladır, baş verə biləcək partlayışları ilkin olaraq o aşkarlayıb üzə çıxarır və zərərsizləşdirir”.
 Möhbəddin Səməd uzun illər boyu mətbuatda külüng çalıb o dövr üçün pristij iş yeri sayılan “Azərbaycan gəncləri”, “Kommu-nist”qəzetlərində elmi-fəlsəfi yazılarla çıxış eləyib. Onun qəzetçilik fəaliyyəti də ayrı bir elmi iş mövzusudu.
 Dünyada bütöv görünən hər şey əslində hissələrdən, hissəciklərdən ibarətdi. Hər bütövün öz içi, iç qatı olduğu kimi, onun yazılarının da içi, görünə bilən, görünə bilməyən iç qatı var.
 Mən indi onun o vaxtlar tələbəlikdən azca sonra “Azərbaycan
 gəncləri” qəzetində yazdığı fəlsəfi-traktları xatırlayıram. O yazılar Möhbəddin Səmədin yaradıcılığının yönünü bəlləndirdi.
 Möhbəddin Səməd 1992-ci ildə Azərbaycan Dövlət Televiziya və Radiosu komitəsinə işə dəvət alır. Bu vaxtdan sonra onun yeni yaradıcılıq xüsusiyyətləri, keyfiyyətləri üzə çıxır. Azərbaycan Televiziya və Radiosundakı işlədiyi illər çoxlu sənədli filmlərə, ssenarilərə, radio verilişlərinə çevrildi. Yaradıcılıq dəyərləri kimi qalır. O, bu illəri belə xarakterizə eləyir:
 “Bura (red: radio-televiziya) mənə ilk gündən hava limanını xatırlatdı. Burada çalışan adamları həmişə ayaq üstə, özü də hava limanında harasa getməyin nigarançılığını keçirən, təyyarənin nə vaxt yola düşəcəyini səbirsizliklə gəzləyən sərnişinləri xatırlatdı”.
 Möhbəddin Səmədin təəssüratları teleradio məkanında işləyənlərin ən dəqiq, ən vizual görüntüsüdü.
 Dünyanın bir düzümü, bir həqiqəti var. Hərəkət. Hərəkət, yoxsa, durğunluq var. Durğunluq isə sondu. Yaradıcılıqsa sonsuz və nəhayətsizdi.
 O bu gün də Azərbaycan Radiosunda çalışır, güneyli soydaşlarımıza verilişlər ünvanlayır.
 Ssenari müəllifi olduğu “Toğrul”sənədli filmi son fundamental işlərindəndi. Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin istehsalı olan bu film bu yaxınlarda Kiyev şəhərində keçirilən sənədli filmlər müsabiqəsindən fəxri diplomla qayıtdı. Qarşıda isə görüləcək işlər var.
 Ona yaşın yetmişində bir daha yeni yaradıcılıq uğurları diləyirəm.
 Uğurların isə sonu olmur. Tahir Talıblı.
#1 - Şubat 08 2012, 14:00:15

Üye:

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.