Alternatifim Cafe

TAHIR TALIBLI

Discussion started on Sizden Gelenler

Qoca zurnaçı

 Qoca birini götürür, birini qoyur. Nəfəs-nəfəsə yaxın olduqları üçün bir-biriylə ixtilat eləyir. Cavanlığından öyrəşdiyi köhnə dostlarıyla tay-tuşluğu bu qoca vaxtlarında da səngimir, deyəsən xasiyyətləri indi daha da yaxşı tutur. Nədi bunları belə bağrıbadaş eləyən? Yoxsa eşq sərgəştəliyidimi bu dostluq. Ya hər ikisinin içindəki hava doğmalığı? “Bir hübabəm ki, havadan doludu pirəhənim”
 Ney, tütək, balaban, qara zurna qoca ustanın gününü keçirdiyi ömrünü həsr elədiyi, balaları qədər sevdiyi, nəvə-nəticə bilib başını qatdığı, tayı-tuşu qədər də yaxınıdı. Özünü, öz ömrünü dərdimənd bu dilsizlərdən ayrı təsəvvür eləyə bilibmi, bir anlıq da olsa? Yəqin ki, yox!
 Bu havacatnan dünyanın kələf kimi dolaşıq, açılmaz sirrlərinə varır, qəvvas kimi dəryalar dərinliklərinə də baş vurur, heyrətini, təəccübünü, hətta özünün dünyaya qarşı etirazlarını belə dilə gətirir.
 Birində xatirələrini çözələyir, o birində sevgisini. Bəlkə başqa daha nələrisə, daha hansısa düşüncələrini sıralayır. Nə biləsən?
 Bu havalar bir tarixdi, tarixin o başından bu başına gəlib çıxıb. Adamı dəymədüşər eləyən bu havalar bəlkə tək özünə agah olan dünyanın yaşıl xəritəsidi? Hava adlanmaları da elə adamın içindəki havaynan cana-qana gəlməyindədi.
 Öz əlləriynən günlərlə, aylarla nazını çəkə-çəkə, əzizləyə-əzizləyə ərsəyə gətirdiyi şümşada dönən ağac parçalarında dilləndirdiyi özü kimi bu qoca, bu köhnə havalar daha çox uzun bir yolun eynidi. Bu yolun nə başlanğıcı məlumdu, nə sonu görünür. Bitib-tükənməyən sevgi kimidi. Bu şümşadın dəlik-deşik canınnan çıxanlar, bağrınnan qopannar niyə bu qədər yanğılıdı. Bəlkə içi düz olduğu üçün.

 “Rənalıq ilə qaməti şümşadı qılan yad
 Olmazmı xəcil sərvi-xuramanını görgəc”.

 Şümşad o şümşad boyluların yanında xəcalətli olduğundan bəlkə də öz bağrınnan qopan yanıqlı səslərdən yana da xəcalətlidi, utanclıq keçirir. Nə bilmək olar? Bunu bilmək üçün Füzuli qəlbinin dərinliklərinə enə bilməlisən.
 Bu qoca bu hava-havacatlarnan nə demək istəyir, niyə yorulmur nə üçün demək istədiklərini deyib başa çatdıra bilmir? Bu misraları yoxsa qoca Füzulidən əvvəl o söyləyib.

 “Nalədəndi ney kimi avazeyi-eşqim bülənd,
 Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd”.

 Nədisə o sirr, bu hava-havacatdadı, insanın içini gümüldədən, insanın içinnən keçən qəm-qüssə də, dərd də, ağrı da.
 Yoxsa bu qocanın içi neyin sinəsi tək doğram-doğramdı?..
 Yəqin eləyirəm ki, bu hava-havacat bir tərəkəmə yanğısıdı. İntizar yurddarın, ala-gül dağların, lal qayaların, bitili qaradinməz daşların, çayların-çaylaqların, ötükən yaylalarının havasıdı. Hamımızı bir-birinə tikir, hamımızı bir-birinə hörür divar daşı kimi. Hamımızı bir köynəkdən keçirir. Min illərin yaddaşıdı. Yaddaşdısa, eh hanı o göynək dağlar, o kişnək atlar. Lal qayalar sırtına dolanan dolama cığırlar.
 Bu qocanın fikrində yerbəyer eləmək istədikləri nədi? Bəs yaddaşında sıralanan nə qədər hava-havacat var? Hansını önə çəkmək istər? Bəlkə bu heç mümkün də deyil. Bu havacat bir-birinə qarışıq, dolaşıq kələf kimidi, yoxsa? Bu qarışıq dünyanın dolaşıq kələfinin ucunumu axtarır, bu qoca zurnaçı.
 “Koroğlu dəliləri”, “Koroğlu qaytarması”, “Cəngi”, “Tərəkəmə”, “Vağzalı-atdandırma”, “Tiflisi”, “Ənzəli”, “Uca dağlar”, “Arpaçayı”, “Paşa köçdü”, “Aman nənə”, “Oyna gülüm”, “Qəməri”, “Mirzəyi”, “Heyratı”, “Heyvagülü”, “Gödək baba” yaddaşında hansı birincidi, hansı sonuncu, heç özünə də bəlli deyil.
 Hər dəfə qara zurnaynan dərdləşmək istəyəndə, səsə ilk qanrılan, başı qolları üstə fikirli, mürgülü, yarıyuxulu bu qapı it olur. Sonra həyətdəki toyuq-cücə diksinən kimi qaqqıldaşır, bir anlığa səs boğazlarında qalıbmış kimi susqunlaşırlar.
 Qoca zurnaçı çalır: bu “Ənzəli”di, bu “Paşaköçdü”dü, bu “Arpaçayı”dı, nə bilim bu nədi? Bu çalğılara əvvəl qapıdakı it qanrılır, səsə ilk səs verən bu dilsiz-ağızsız heyvan olur. Yuxusumu dağılır, düşündüklərimi qırılır? Səsə atılır, ilan gülləyə atılan kimi. Yuxulu, batıq, boğuq səsiylə havacatın ardınca üzü göyə göynəyir kimi bir ağız hürür, fikirli-fikirli bir ağız ulayır. Görəsən nədi hiss elədikləri? Nədi allahın bu dilsiz-ağızsız heyvanını hər dəfə belə sarsıdan?
 Əlimiz çatmayan, ünümüz yetməyən yurdlarımızın göynərtisinəmi ağrıdığıdı?
 Yoxsa bir tərəkəmə köçünün həsrətinə uladı? Nə isə bu da bir sirri-xudadı. Adamın ağlına ilk gələn budu: “İtin yaddaşı itməz?” Onçun deyiblər: daşın da yaddaşı var, göydə uçan quşun da”
 Burda bir haşiyə yeridi...
 “Qışın qışam deyən vaxtları elə olur ki, yerlə göy qarla qovuşur. Dünya qar qalağına dönür. Belə vaxtlarda qarın ağlığı da, ağırlığı da göz qabağında olar. Ağılda (çox yerlərdə qışda qoyun saxlanan yerələrə yataq da deyilir) ota-əncərə daraşan heyvanlar arasında alagöz, kürə qoyun özünə yer tapa bilmir, ağılı dörd dolana-dolana ağzında bir çəngə ot kal səsnən mələyir, sağa-sola döyükür. İman yiyəsi, bar-bərəkət adamı o saat başa düşür ki, qaragözün yadına yaylaq düşüb. “A səni min bərəkət olasan, –deyir, eşiyin qar, içərinin bu dar olan vaxtı yadına yaylaq hardan düşdü?”
 Qoca zurnaçı yorulmur, çalır, çalır...
 Havacat bir anlığa haqqa qalxıb, şenniyin üstə çökür, ruh kimi. Enib yaddaşa dirənir, qayaya dirənən kimi. Elə bil yadın-yaddaşın bərkimiş, xamlamış torpağına kotan salır, altını-üstünə çevirir. Bu gözəgörünməzlik içində yadırğamış adam özünü görüb birdən səksənir. Qoyunun, itin, atın yaddaşınnan utanır kimi olur.
 Bayağı səs-küyün, qışqırtının yandım-öldümün bulannıq çəni-çisəyi aralanır, adam öz havasına tapınır, gedib haraları dolanır, axır ki, gəlib özünə çıxır.

 Tahir TALIBLI





#1 - Şubat 08 2012, 13:58:30

Üye:

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.